REGİONLAR
Ötən il Göyçayda sənaye məhsulunun 64,4 faizi ixrac olunub
Göyçay, 1 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkə başçısı İlham Əliyevin tapşırığına müvafiq olaraq bütün bölgələrdə, o cümlədən Göyçay rayonunda iqtisadiyyatın yüksəldilməsi istiqamətində bir sıra vacib tədbirlər icra olunur. İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin istehsal gücündən tam istifadə edilməsi üçün tədbirlər görülür və zavodlarda yeni istehsal sahələrinin yaradılması və müasir bazar tələblərinə uyğun məhsul istehsalı diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, hazırda “Göyçay-Şərab” ASC, “AzNar” QSC, “Göyçay-Süd” ASC və “Göyçay-Konyak” ASC-də ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, yeni ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində ciddi iş aparılır. Son bir ildə “Göyçay-Şərab” ASC-də yeni üzüm qəbulu xətti quraşdırılıb, hər biri 50 ton olan 36 ədəd çən quraşdırılıb. Bu da müəssisəyə 2500 ton spirt istehsal etməyə imkan verəcəkdir. “AzNar” QSC-də meyvə kompotları istehsalı sexində axın xətləri avtomatlaşdırılıb, müəssisədə nar, heyva, üzüm və digər meyvələrdən şərab istehsalı sahəsinin yaradılması üçün tədbirlər görülür. Hazırda “AzNar” QSC hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir.
Bundan əlavə “AzNar” QSC tərəfindən özəlləşdirilən keçmiş toxuculuq kombinatının bazasında yeni istehsal müəssisəsinin yaradılması üçün nəzərdə tutulan sexlərdə təmir-bərpa işləri başa çatdırılmaq üzrədir. “Göyçay-Konyak” ASC-də isə alkoqollu içkilərin istehsalı bərpa edilib, “Göyçay-Süd” ASC-də məhsul istehsalının artırılması üçün tədbirlərin icrasına başlanılıb.
Bütün bunların nəticəsidir ki, 2016-cı ildə bu müəssisələrdə istehsal edilən məhsulun 20,7 milyon manatı respublikadan kənara ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1 milyon manat və ya 51,9 faiz çoxdur. Ötən il rayon üzrə ümumi sənaye məhsulu istehsalında ixrac olunan məhsulun xüsusi çəkisi 64,4 faiz təşkil edib ki, bu da 2015-ci ilə nisbətən 10,6 faiz çoxdur.
Qeyd edək ki, 2016-cı ildə Göyçay rayonunda fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən ümumilikdə 32,1 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 26,9 faiz artıb.