DÜNYA
Ötən il Hindistanda 1600 nəfər təbii fəlakətlərin qurbanı olub
Bakı, 16 yanvar, AZƏRTAC
Hindistanda 2016-cı il ərzində sərt hava şəraiti və təbii fəlakətlər nəticəsində 1,6 min insan həyatını itirib. Bu barədə məlumat ölkənin Meteoroloji Departamentinin məruzəsində əksini tapıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ən çox insan tələfatı adətən aprel-iyun aylarına təsadüf edən istilər nəticəsində baş verib. Şiddətli istilər 700 nəfərə qədər insanın həyatına son qoyub. Həmin vaxt Racastan ştatının Pxalodi şəhərində müsbət 51 dərəcə istilik rekordu qeydə alınıb.
İnsan ölümünə görə ikinci yeri yağışların səbəb olduğu daşqınlar tutub. Musson mövsümündə çayların məcrasından çıxması nəticəsində ölkədə ümumilikdə 475 insan həlak olub ki, onlardan 175 nəfəri Bihar ştatının payına düşüb.
Daha 415 nəfər isə musson öncəsi və musson mövsümündə tez-tez rast gəlinən ildırım vurması nəticəsində həyatını itirib. Həlak olanların əksəriyyəti Bihar, Uttar-Pradeş, Mədhya-Pradeş və Orissa ştatlarının sakinləridir.