REGİONLAR
Ötən il Naxçıvan Muxtar Respublikasına 378 mindən çox turist gəlib
Naxçıvan, 31 yanvar, Rauf Əliyev, AZƏRTAC
Muxtar respublikada davam edən sürətli sosial-iqtisadi inkişaf turizm sahəsində də özünü göstərməkdədir. Ötən il Naxçıvana ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 378 min 102 nəfər turist gəlib.
AZƏRTAC xəbər verir ki, Naxçıvana səfər edən əcnəbilər arasında Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa İttifaqı ölkələri, ABŞ, Baltikyanı ölkələr, Koreya Respublikası və Çindən gələn turistlər üstünlük təşkil edir.
Xarici ölkələrdən gəlmiş turistlər burada işgüzar görüşlər keçirməyə, muxtar respublika ərazisindəki görməli təbiət guşələri, tarixi abidələr və muzeylərlə tanış olmağa, müqəddəs ziyarətgahlara getməyə, təbii və klinik üsullarla müalicə olunmağa daha çox maraq göstərirlər.
Naxçıvanda qış turizmi üçün də mövcud olan iqlim və relyef şəraiti burada turizmin bütün mövsümlərdə inkişafı üçün yaxşı imkanlar yaradır.
Muxtar respublikaya gələn turistlərin sayının artmasının əsas səbəbi onların asudə vaxtlarının, istirahət, əyləncə və müalicəsinin lazımi səviyyədə təşkil olunması, zəruri infrastrukturun yaradılmasıdır.
Naxçıvanın turizm ehtiyatlarının daha çox turizm dövriyyəsinə cəlb olunması, xidmət sektorunun peşəkarlığının artması, Naxçıvan şəhərində və bölgələrdə istirahət, asudə vaxt mərkəzlərinin yaradılması, müasir standartlara cavab verən restoran və yeməkxana şəbəkəsinin təşkili turizmin inkişafına müsbət təsir edən amillərdəndir.