İQTİSADİYYAT
Ötən il Naxçıvan Muxtar Respublikasında 862 milyon 870 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur
Naxçıvan, 30 yanvar (AZƏRTAC). 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında (MR) yeni sənaye müəssisələrinin yaradılması, azad rəqabət mühitinin inkişaf etdirilməsi və rəqabətədavamlı yeni məhsul növləri istehsalının dəstəklənməsi nəticəsində 862 milyon 870 min manat həcmində sənaye məhsulu istehsal olunmuş və 2012-ci illə müqayisədə 6,3 faiz artım qeydə alınmışdır.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 63 milyon 746 min manatlıq, qeyri-dövlət sektorunda isə 799 milyon 124 min manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
İstehsal potensialının gücləndirilməsi istiqamətində 2013-cü ildə muxtar respublikada dövlət dəstəyi ilə 124 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir. İqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə daha 46 istehsal və xidmət obyektinin yaradılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsinin inkişafı ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ildə 308 milyon 295 min ABŞ dolları həcmində sənaye məhsulu ixrac olunmuşdur.