REGİONLAR
Ötən il Şəmkirdə 31,9 faiz çox sənaye məhsulu istehsal edilib VİDEO
Şəmkir, 15 fevral, Famil Quliyev, AZƏRTAC
Ötən il Şəmkir rayonunda 494 milyon 635 min manatlıq, əvvəlki ildəkindən 4,3 faiz çox ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3 faiz artaraq 2327 manat təşkil edib. Sənaye sahəsində 2015-ci illə müqayisədə 31,9 faiz çox, 33 milyon 203 min manatlıq, kənd təsərrüfatında isə 255 milyon 276 min manatlıq məhsul istehsal olunub. Tikinti işlərinin həcmi 12,5 faiz artaraq 80 milyon 432 min manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şəmkirdəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin ötən ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında məlumat verilib.
İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun hesabat məruzəsində qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəmkir rayonunda quruculuq-abadlıq sahəsində bir sıra mühüm işlər görülüb. Prezident İlham Əliyev tərəfindən 2014-cü il noyabrın 15-də təməli qoyulmuş “Şəmkir Aqroparkı”nın tikintisi ötən il də davam etdirilib. Könüllü və Abbaslı bələdiyyələrinin ərazisində bu kompleksə 604 hektar torpaq sahəsi ayrılıb. Artıq meyvə-tərəvəz emalı müəssisəsinin, tara istehsalı fabrikinin, logistik və aqroservis mərkəzinin, soyuducu anbarın və digər infrastruktur müəssisələrinin layihələndirilməsi başa çatdırılıb.
Yola salınan ildə rayonda abadlıq-quruculuq işləri də yüksək səviyyədə davam etdirilib, “Azərxalça” ASC-nin nəzdində Şəmkir xalça fabrikinin tikintisinə başlanılıb.
Bildirilib ki, Şəmkir respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. 2016-cı ildə 45 min 892 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 18 min 602 hektar sahədə taxıl əkilib. 2015-ci illə müqayisədə taxıl sahəsi 842 hektar artıb. Taxıl sahələrindən 57 min 932 ton məhsul əldə olunub. Hər hektardan məhsuldarlıq 35,7 sentner təşkil edib. Cari ilin məhsulu üçün 14 min 565 hektar sahədə taxıl səpilib. Həmçinin 2016-cı ildə rayonun tarixində ilk dəfə olaraq 876 hektar sahədə şəkər çuğunduru əkilib və 14 min 400 ton məhsul əldə olunub. Bu il isə 2 min hektara yaxın sahədə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub.
Məlumat verilib ki, rayonun Ceyrançöl ərazisində iri kənd təsərrüfatı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır. Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral” MMC-nin nəzdində istirahət mərkəzi və maralçılıq təsərrüfatı yaradılıb. Təsərrüfatda Rusiya Federasiyasından gətirilmiş “Bloqorodnıy” növünə aid 60 baş maral saxlanılır. Layihənin həyata keçirilməsində məqsəd ərazidə maralçılığın və turizmin inkişaf etdirilməsidir.
Ötən il rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər hesabat yığıncağında geniş təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Sahibə Qafarova və Kamran Bayramov çıxış ediblər.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.