İQTİSADİYYAT
Ötən il Səngəçal terminalından 286,8 milyon barreldən çox neft və kondensat ixrac edilib
Bakı, 21 fevral, AZƏRTAC
2016-cı ildə Səngəçal terminalı 286,8 milyon barreldən çox neft və kondensat, o cümlədən 253,4 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 30,3 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 3,1 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,9 milyon standart kubmetr (1 milyard 21 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.
Ötən il də AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.