CƏMİYYƏT


Ötən il Yasamal rayonunda 4567 yeni iş yeri açılıb

A+ A

Bakı, 16 fevral, AZƏRTAC

Yasamal rayonunda ötən ilin sosial-iqtisadi yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hesabat məruzəsi ilə çıxış edən icra başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclasında irəli sürülən vəzifələrdən danışıb. O, ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Yasamal rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, ötən il rayon ərazisində 4567 yeni iş yeri açılıb. Hesabat dövründə rayonda əvvəlki illərlə müqayisədə daha çox irimiqyaslı abadlıq və quruculuq işləri aparılıb. Küçə və prospektlərə asfalt örtüyü vurulub, yaşıllıq zolaqları salınıb, binaların fasadlarına müasir görkəm verilib, yeni işıqlandırma sistemləri quraşdırılıb. İ.Mehdiyev qeyd edib ki, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur.

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı yekun nitqində qarşıda duran vəzifələrə dair qeyd etdiyi iki layihə bilavasitə rayonumuzun ərazisində icra olunur. Xarici Dairəvi avtomobil yolunun kənarında, “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin istifadəsinə verilib. Mənzillər güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək. Hesab edirəm ki, bu qurumun yaradılması aztəminatlı vətəndaşların mənzil təminatı sahəsində həyata keçirilmiş ən mühüm tədbirlərdən biri kimi dəyərləndirilməlidir”, - deyə İ.Mehdiyev vurğulayıb.

İcra başçısı bildirib ki, qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilib. Müxtəlif təyinatlı 10 qeyri-qanuni tikili, 3 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülüb, 25 ünvanda qeyri-qanuni tikinti işləri aparılması cəhdlərinin qarşısı alınıb. Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Burada 8769 ünvanda ölçü işləri aparılıb, 3706 yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqı-satqı əməliyyatına təqdim olunub, onlardan 3617-sinə görə vəsait ödənilib.

İbrahim Mehdiyev, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb, bu qərarın ölkə rəhbərliyi tərəfindən multikultural dəyərlərin ön plana çəkildiyi ötən ildəki məramın məntiqi və məqsədəuyğun davamı olduğunu bildirib.

Digər çıxış edənlər də rayonun sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Elşad Həsənov və Ülvi Quliyev ölkəmizdə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat veriblər.

İclasda qarşıda duran vəzifələrlə bağlı müzakirələr də aparılıb.

Yığıncaqdakı çıxış və müraciətlərdə dövlətimizin başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib və rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyəti “qənaətbəxş” qiymətləndirilib. Sonda iştirakçılar adından dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul olunub, rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.