CƏMİYYƏT
Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26611 cinayət qeydə alınıb
Bakı, 27 yanvar, AZƏRTAC
Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26611 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov məlumat verib.
Nazir bildirib ki, profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adamöldürmə və ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faiz, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb. Əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır.