CƏMİYYƏT
Ötən il həlak olan alpinist Murad Aşurlının ABŞ-da kitabının təqdimatı keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Ötən il faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlının ABŞ-da “Öz Everestini tapmaq” kitabının təqdimatı keçirilib.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimi M.Aşurlının rəhbər vəzifələrdən birini tutduğu “Ericsson” şirkətinin Dallasdakı ofisində təşkil olunub.
Tədbirdə Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı da iştirak edib.
İ.Aşurlı “Facebook”dakı səhifəsində bu barədə yazıb: “Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə bunu ciddi qəbul etmədim. Çünki Murad indiyədək nə hekayə, nə də oçerk yazmayıb, burada isə söhbət bütöv bir kitabdan gedirdi. Lakin çoxsaylı ezamiyyətlər, layihələr və başqa işlərinə baxmayaraq, Murad bir ildən də az müddətdə istədiyinə nail ola bildi. Son ekspedisiyasına yola düşməzdən əvvəl o, əlyazmasına nöqtə qoydu. Katmanduda olduğu zaman o, telefonla kitab üçün bəzi şəkilləri mənimlə müzakirə edib razılaşdırırdı. Lakin bu, bir surət, gələcək kitabın qaralaması idi... Bu gün mən onu, nəhayət ki, əlimdə tuturam”.
Kitabın işıq üzü görməsində Muradın dostları, həmkarları və “Ericsson” şirkəti rəhbərliyinin rolunu qeyd edən İ.Aşurlı bildirib ki, onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar.
İki min tirajla ingilis dilində çapdan çıxan kitabı İnternetdən sifariş verməklə əldə etmək olar.
Dünyanın ən yüksək nöqtəsinə - Everestə (8848 metr) qalxan ikinci azərbaycanlı olan Murad Aşurlı bu zirvəni 2013-cü ildə fəth etmişdi. O, ötən il oktyabrın 21-də Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.