CƏMİYYƏT
Ötən il milli parkların ərazisinə 199530 nəfər turist daxil olub
Bakı, 21 yanvar, AZƏRTAC
Ekoturizmin təşkili yalnız milli parklarda mümkündür. Bunun üçün milli parklarda xüsusi ekoturizm və rekreasiya zonaları fəaliyyət göstərir. Həmin zonalara turistlərin girişi sərbəstdir. Yalnız milli park tərəfindən müəyyən edilmiş və təşkil olunmuş marşrutlar üzrə hərəkətə icazə verilir.
Ən böyük turizm potensialı Göygöl Milli Parkındadır. Milli parkın ərazisində müxtəlif turist marşrutları, gözəl infrastruktur yaradılıb və 2015-ci ilin avqust ayından turistlərin üzünə açıq elan edilib. Turistlərin bu əraziyə böyük axını var. Digər milli parklardan Avropanın ən böyük ceyran populyasiyasının olduğu Şirvan Milli Parkına da maraq çoxdur. Hirkan Milli Parkında böyük turizm potensialı var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə AZƏRTAC-a müsahibəsində məlumat verib.
2016-cı il ərzində milli parkların ərazisinə daxil olmuş turistlərin sayı 199530 nəfər olub, onlardan 3081 nəfəri xarici vətəndaşlar idi.