CƏMİYYƏT
Ötən il ölkəmizdə bir yaşadək uşaqların 97,7 faizi vərəmə qarşı peyvənd alıb
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycanda 2015-ci ildə müayinə olunmuş uşaqların sayı 2 milyon 412 min 400 nəfər olub. Bu rəqəm 2005-ci ildə 1 milyon 983 min təşkil edib. Bu isə profilaktik müayinəsi aparılan uşaqların sayının artdığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib. Yoluxucu xəstəliklərin qarşısının alınması işində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsi təmin edilib. Statistik məcmuədə bildirilir ki, ötən il ölkəmizdə bir yaşadək uşaqların 97,7 faizi vərəmə qarşı, 97,8 faizi poliomielitə qarşı, 95,5 faizi difteriya, göyöskürək, tetanus və s. xəstəliklərə qarşı profilaktik peyvəndlərlə əhatə olunub. Eyni zamanda, iki yaşa qədər uşaqların 98,1 faizi qızılcaya, məxmərəyə, epidemik parotitə görə peyvənd edilib. Doğuşdan sonra 12 saat ərzində körpələrin 99,3 faizi isə hepatit B-yə qarşı peyvənd alıblar.
Qeyd edək ki, Azərbaycanda malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində 2013-cü ildən etibarən bu xəstəliyə yerli yoluxma halları qeydə alınmayıb. Bununla da, ölkə ərazisində malyariyanın tam ləğvinə nail olunub. Profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməyib, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.