İQTİSADİYYAT
Ötən il paytaxtın 13 qəsəbələrarası və 29 rayon və şəhər ərazisində avtomobil yollarının tikintisinə başlanılıb
Bakı, 30 yanvar, AZƏRTAC
2016-cı ildə 29 rayon və şəhər ərazisində uzunluğu 708,8 kilometr olan 33 avtomobil yolunun tikintisi, 1 körpünün inşası və 1-nin bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 84,7 kilometr olan 13 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Ötən il 713,5 min əhali yaşayan, 159 yaşayış məntəqəsini birləşdirən uzunluğu 472,5 kilometr olan 21 kəndlərarası avtomobil yolunun və Bakı şəhərində isə 513,7 min əhali yaşayan, 14 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 42,5 kilometr olan 7 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılıb.
Ümumilikdə isə, nəzərdə tutulan layihələrin həyata keçirilməsi 2,0 milyon əhalinin yaşadığı 356 yaşayış məntəqəsini əhatə edəcək, onların 917,9 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.