CƏMİYYƏT
Ötən il transsərhəd çaylarda biogen maddələrin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıq olub
Bakı, 3 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2016-cı il ərzində səth sularında apardığı monitorinqin nəticələrini açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, süni sututarlardan Ağstafa və Şəmkir su anbarlarında suyun keyfiyyəti mülayim çirklənmiş, Mingəçevir və Ceyranbatan su anbarlarında suyun keyfiyyəti təmiz su sinfinə aid edilib.
Göllər üzrə aparılan monitorinqə əsasən Abşeron göllərindən Yasamal gölü çirklənmiş, Böyükşor, Masazır, Kürdəxanı, Xocahəsən, Bülbülə, Qırmızıgöl çox çirkli göllərə aid edilib.
Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların yol verilən qatılıq həddindən (YVQH) dəfələrlə artıq olması müşahidə edilib. Bu çayların çirklənməsinə Gürcüstan və Ermənistan ərazilərindən məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılması səbəb olub. Belə ki, Ağstafaçayda fenollar 2.5, Ağstafa su anbarında isə fenollar 1.2 dəfə YVQH-ni keçib. Ötən il ərzində aparılan monitorinqlərin nəticələrinin orta aylıq göstəricilərinə görə fenollar Araz çayı üzrə Horadiz müşahidə məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə müşahidə məntəqələrində isə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.94–7.88 milliqram litr arasında olmaqla sanitar norma daxilində dəyişib.