İQTİSADİYYAT
Ötən il vergi proqnozuna 100,1 faiz əməl edilib, büdcəyə 7 milyard manatdan çox vergi toplanıb
Bakı, 10 fevral, Ramiz Quliyev, AZƏRTAC
Ötən il vergi proqnozuna 100,1 faiz əməl edilib, büdcəyə 7 milyard manatdan çox vergi toplanıb.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 10-da “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən V Vergi Forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Nazir müavini vurğulayıb ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə ciddi islahatların aparılacağını bəyan edib, dünyada və regionda baş verən hadisələrin yaratdığı fəsadların Azərbaycana təsirinin minimuma endirilməsi üçün yaranmış yeni iqtisadi şəraitdə daha səmərəli işləməyi və iqtisadi inkişaf templərini daxili resurslar, o cümlədən struktur layihələri hesabına təmin etməyi tapşırıb.
“Neft gəlirlərinin azalmasına baxmayaraq, nazirliyin xətti ilə 2015-ci il ərzində proqnoza 100,1 faiz əməl edilib, büdcəyə 7 milyard 118,2 milyon manat vergi toplanıb. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70 faizdən çox olub”, - deyə Sahib Ələkbərov bildirib.
Qeyd olunub ki, dövlət üzərinə düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, hazırda dünyada baş verən böhranın Azərbaycana təsirini azaltmağa, ölkəmizin sosial–iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın gələcəkdə də davam etdirilməsi üçün dövlət büdcəsinin gəlirləri artmalıdır, bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərinə mühüm vəzifələr düşür.
Azərbaycanın regionlarında həyata keçirilmiş uğurlu iqtisadi islahatlar, yeni iş yerlərinin yaradılması, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təqribən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622,1 milyon manat vəsait daxil olub.
S.Ələkbərov həmçinin deyib ki, ölkəmizdə vergi qanunvericiliyi sahibkarlıq fəaliyyəti üçün cəlbedicidir və vergi yükü rəqabətə davamlıdır. Eyni zamanda çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün müvafiq vergi qanunvericiliyi bazası yaradılıb, ölkəmizin uzunmüddətli strateji inkişaf planlarının məqsədlərinə cavab verən sabit vergi sistemi formalaşdırılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Vergi Forumunun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, vergi siyasəti maliyyə sabitliyinin qorunmasına, ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına bilavasitə təsir göstərir.
Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko da öz növbəsində Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirib.
Forumda açıq dialoq şəklində keçirilən müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və digər dövlət qurumlarının nümayəndələri, eləcə də sahibkarlar ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırıması və vergi inzibatçılığının təkmiləşdirilməsi üçün zəruri məsələlər barədə fikirlərini bölüşüb, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər.