REGİONLAR


Ötən tədris ili Bərdədə təhsilin inkişafı baxımından uğurlu olub

A+ A

Bərdə, 9 sentyabr, AZƏRTAC

Bərdədə keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovun hesabat məruzəsində ötən dərs ilində görülmüş işlər ətraflı təhlil edilib, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən danışılıb. Məlumat verilib ki, ötən dərs ilində rayonda 75 ümumtəhsil məktəbi, o cümlədən 59 tam orta, 11 ümumi orta, 5 ibtidai məktəb fəaliyyət göstərib. Ümumtəhsil məktəblərində təhsil alan 21 min 228 nəfər şagirdin təlim tərbiyəsi ilə 3062 nəfər müəllim məşğul olub.

Ötən tədris ilinin yekunları Bərdə rayonunun təhsil işçiləri üçün də uğurlu olub. Bu barədə məlumat verilərək bildirilib ki, rayon təhsil şöbəsi, 7 nömrəli və Türkmən kənd tam orta məktəbləri üçün inşa edilən yeni binalar istifadəyə verilib. 2015-2016-cı tədris ilinin məzunlarından 666 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib, onlardan 402-si tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 52 nəfəri 500-dən yuxarı, o cümlədən 31 nəfəri 600-dən çox bal toplayıb. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 131 məzun keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olub.

Yeni dərs ilinə hazırlıqla əlaqədar məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. 5 nömrəli tam orta məktəbin binasında aparılan əsaslı təmir işləri başa çatdırılıb. 6 nömrəli və Xanqaraqoyunlu kənd tam orta məktəblərinin binalarında isə əsaslı təmir işləri davam etdirilir. Ümumiyyətlə, rayonun 12 məktəbində təmir işləri aparılıb. Yeni dərs ili ərəfəsində məktəblərə 132 adda 90 min 266 ədəd dərslik və 74 adda 7601 ədəd müəllim vəsaiti çatdırılıb.

Tədbirdə digər çıxış edənlər rayon təhsilinin inkişafı istiqamətində görülmüş işlər və əldə olunan nəticələri geniş təhlil ediblər.

Konfransda Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov, rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən və təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.

Sonda qabaqcıl təhsil işçilərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.