REGİONLAR
Ötən üç ayda Tərtərdə sənaye məhsulları istehsalında 22,4 faizlik artım qeydə alınıb
Tərtər, 20 aprel, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektarda şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Dövlətimizin başçısının ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 26,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulları istehsalı 7,9 faiz, sənaye məhsulları istehsalı 22,4 faiz artıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 milyon 298,1 min manat investisiya yönəldilib, 3 milyon 698,4 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Tərtər şəhərinin prospekt və küçələrinə 5,9 kilometr asfalt-beton, Kovdadıq-Rəcəbbəyli avtomobil yoluna 7,6 min kvadratmetr çınqıl örtük salınıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmirinə başlanılıb. Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır, 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsi, Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün evlər inşa edilir. Goranboy-Tərtər avtomobil yolunun 18-36-cı kilometr hissəsi əsaslı təmir olunur, İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpü yenidən tikilir. Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatmaq üzrədir.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrdən də bəhs edilib. Tərtərli fermerlər yüksək keyfiyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsal etməyi qarşıya məqsəd qoyublar.
Yığıncaqda çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.