CƏMİYYƏT
Otman-Bozdağ vulkanı püskürməzdən əvvəl 7-8 yeraltı təkan qeydə alınıb
Bakı, 9 fevral, AZƏRTAC
Vulkanlara zəlzələlərin təsiri var, bir-biri ilə əlaqəlidir. 2014-cü il dekabrın 20-də Şıxzərli vulkanı püskürmüşdü. Həmin vulkandan 2 gün öncə, dekabrın 18-də vulkan ətrafında zəlzələ baş verib.
Bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Fevralın 6-da Bakının Qaradağ rayonunda püskürən "Otman-Bozdağ" vulkanından əvvəl onun yaxınlığında 7-8 yeraltı təkan qeydə alınıb. Vulkanın dərinliyi 3 km idi və gün ərzində 2 dəfə püskürüb. Vulkandan ayrılan enerjinin gücü 1,5 və 1,7 Coul idi. Bu da zəlzələ ocağını oyadacaq qədər böyük gücə malik deyil. Həmin vulkan son dəfə 2004-cü il iyunun 21-də püskürüb.
“Vulkanlar üçün ayrıca monitorinq aparmaq lazımdır. Onların daxilində gedən prosesləri izləmək üçün bir neçə cihaz, mobil stansiyalar quraşdırılmalıdır”, - deyə mərkəzin direktoru bildirib.