SİYASƏT
Ottava şəhərinin meriyası önündə Azərbaycanın dövlət bayrağı ucaldılıb
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə bu ölkənin paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ottavada yaşayan Azərbaycan icmasının nümayəndələri və ölkəmizin Kanadadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika Gününün əhəmiyyətindən danışıb və Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu, bir sıra Qərb dövlətlərindən əvvəl qadınlara seçki hüququ verdiyini vurğulayıb. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə üzləşdiyi problemlərdən, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsindən danışıb.
Daha sonra Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli dövlət bayrağımız Ottava şəhərinin meriyası önündə ucaldılıb.