SİYASƏT
Ottava və Toronto şəhərlərinin meriyaları qarşısında Azərbaycanın dövlət bayrağı ucaldılıb
Bakı, 1 iyun, AZƏRTAC
Respublika Günü münasibətilə Kanadanın paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Tədbirdə Ottavada yaşayan Azərbaycan icmasının nümayəndələri və ölkəmizin Kanadadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli tədbirdə çıxış edərək Respublika Gününün əhəmiyyətindən danışıb və Azərbaycanın dövlətçilik ənənələrini bərpa edən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu və bütün vətəndaşlarına dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq səsvermə hüququ verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü çox qısa olsa da demokratik institutlar və dövlət simvolları yaratmaqla Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdi və bugünkü müstəqil, müasir Azərbaycanın inkişaf platformasının əsasını qoydu. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini və bu müstəqilliyin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xüsusi vurğulayıb.
Daha sonra dövlət himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı meriya önündə ucaldılıb.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən də 28 May – Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərinin meriyası önündə Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, azərbaycanlı və xarici tələbələr, o cümlədən Türkiyə Respublikasının Torontodakı baş konsulu Erdeniz Şen iştirak ediblər.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru və tədbirin təşkilatçısı Lalin Həsənova tədbirdə çıxış edib. Sonra Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Respublika Gününün Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğulayıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub və Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün inamla irəliləyir.
Daha sonra himnimizin sədaları altında Azərbaycan bayrağı Torontonun mərkəzində ucaldılıb.
Tədbirdə Ontario əyalətinin London şəhərində yaşayan 12 yaşlı soydaşımız Cəvahir Əl-Şakir “Azərbaycan” şeirini söyləyib və “Təbriz” rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Milli rəqsimiz və çıxış edən rəqqasların milli geyimləri yaxınlıqdakı çoxsaylı turistlərin diqqətini cəlb edib.
28 May – Respublika Günü münasibətilə analoji tədbirlər Kalqari şəhərində Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti və Vankuver şəhərində Azərbaycan diasporunun təmsilçiləri tərəfindən də həyata keçirilib.