CƏMİYYƏT
“Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətində “Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-ci ilin Tədbirlər Planı çərçivəsində Sumqayıt şəhər və Abşeron rayon icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Nəsimi RİH müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Gülarə Verdiyeva çıxış edib. Bildirib ki, təlimin məqsədi yerli və ölkələrarası övladlığa götürmə mexanizmləri, bu sahədə qurumlararası əməkdaşlıq, valideyn himayəsindən məhrum olmuş uşaqların uçotunun aparılması ilə bağlı məsələlərin müzakirə olunmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uşaqların ölkələrarası övladlığa verilməsi məsələləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur, yerli övladlığa götürmə məsələlərinə isə yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları nəzarət edir. 0-3 yaş arası uşaqlarla bağlı proseslər Səhiyyə Nazirliyində, 3 yaşından yuxarı 18 yaşınadək isə Təhsil Nazirliyində həyata keçirilir. Övladlığa götürmə qanunla sirr saxlanılır. Bəzən tələb edirlər ki, övladlığa götürülən şəxsin və ya onu övladlığa götürən ailənin adı açıqlansın. Özünüzü bir anlığa həmin uşağın və ya ailənin yerinə qoyun. Bu məsələlərdə bir az diqqətli olmaq lazımdır.
Qeyd edilib ki, bəzən övladlığa götürmə ilə bağlı sənədləşmənin çoxluğundan şikayət edirlər. Bu sahədə tələb olunan sənədlərin ən normal sayı məhz Azərbaycandadır. Digər ölkələrdə qat-qat çoxdur.