REGİONLAR
Oymaçı: Çətin işdir, amma maraqlıdır
Lerik, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bədii oyma dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Adətən daş, ağac, sümük və başqa materiallardan istifadə olunmaqla yaranan bu sənət növü günümüzdə də yaşadılır, inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, Lerik rayonunun Cəngəmiran kənd sakini, 31 yaşlı Famil Qafarovun əsas işi ticarətlə məşğul olmaqdır. O, eyni zamanda, 7 ildən çoxdur oyma sənəti ilə məşğuldur. F.Qafarov bu sənəti ustadsız öyrənib - ağac üzərində sadə fiqurlar çəkib oymaqla. Özü də ən sadə alətlərlə.
Onun sözlərinə görə, ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək elə də asan iş deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən.
Ən mühüm amillərdən biri də sözsüz ki, əl işinə görə ağacın seçilməsidir. Ümumiyyətlə isə, bədii oyma sənəti çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Xüsusilə də rəssamlıq bacarığı.
Oyma sənətinin incəliklərindən söhbət açan F.Qafarov deyib: “İş zamanı əsasən palıd ağacına üstünlük verirəm. Materialı möhkəm olduğu üçün işləmək rahatdır. Dünyaya göz açandan evimizdə tar görmüşəm. Atam musiqi müəllimidir, ona görə evimizdə həmişə tar olub. Özümə borc bildim ki, əl işlərimdən biri də tar olsun. Çətin işdir, vaxt aparandır, amma maraqlıdır”.
Familin əl işlərində müasirliklə qədimiliyin sintezi var. O, tez-tez rayon tarix-diyarşünaslıq muzeyinə gələrək burada nümayiş etdirilən ən maraqlı eksponatları öz əl işlərində əks etdirməyə çalışır.
Onun hazırladığı eksponatların içində ən maraqlısı “Lakto” qədim zərb musiqi alətidir. Cənub bölgəsində keçirilən toy şənliklərində istifadə edilən “Lakto” qədim zərb aləti yalnız Lerikdə hazırlanır. İçinin yonulması ilə köklənən bu alət dördkünc formada olmaqla, palıd və yalanqoz ağaclarından düzəldilir.
Qeyd edək ki, oymaçı F.Qafarov əl işlərini şəxsi kolleksiyasında saxlayır.