ELM VƏ TƏHSİL
“Oynayaraq öyrənək” layihəsi - oyunlar vasitəsilə məktəbə hazırlıq
Bakı, 14 aprel, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollec ilə əməkdaşlığı davam edir. Bu əməkdaşlıq çərçivəsində “Oynayaraq öyrənək” sosialyönümlü təhsil layihəsinə başlanıb. Layihənin əsas məqsədi uşaq bağçasına getməyən balacaları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu cəmiyyətimizə göstərmək, onları maarifləndirmək, valideynləri uşaq tərbiyəsi və təhsillə bağlı bütün stereotip fikirlərdən uzaqlaşdırmaqdır.
Bu barədə AZƏRTAC-a TİPİİ-nin mətbuat katibi Tofiq Sadıxov məlumat verib.
T.Sadıxov bildirib ki, layihə çərçivəsində TİPİİ-də artıq kollecin bir qrup tələbəsinə xüsusi təlimlər keçirilir. Təlimlərdə tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və s. nəzəri biliklərlə yanaşı, sırf təcrübi bacarıqlar da aşılanacaq. Həmçinin parklarda 3-5 yaşlı uşaqlarla oynanılması mümkün olan oyunlar öyrədiləcək, gələcək peşəkarlarla bu oyunların didaktik əhəmiyyəti təhlil ediləcək. Xüsusi hazırlıq keçmiş tələbələr may-iyun aylarında Bakı şəhərinin parklarında dincələn uşaqlar və onların valideynləri, dayələri ilə fləşmob formatında öyrədici oyunlar təşkil edəcəklər. Oyunlarda adi təbiət materiallarından – qoza, yarpaq, daş, top, ip, təbaşirdən istifadə olunacaq.