ELM VƏ TƏHSİL
“Oynayaraq öyrənək” layihəsinə yekun vurulub
Bakı, 2 iyun, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə həyata keçirdiyi “Oynayaraq öyrənək” adlı sosial yönümlü təhsil layihəsinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Oynayaraq öyrənək” devizi altında həyata keçirilən layihənin əsas məqsədi uşaq bağçasına getməyən uşaqları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirməkdir.
Layihə çərçivəsində kollecin bir qrup seçilmiş tələbəsi aprel ayı ərzində TİPİİ-də təşkil olunmuş xüsusi təlimlərdə iştirak edib. “Didaktik oyunlar: nəzəriyyə və təcrübə” mövzusunda seminarda tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və digər nəzəri biliklərlə yanaşı, təcrübi bacarıqlar da aşılanıb.
Təlimlərdə fəallıq göstərən tələbələrdən 18-i may ayı ərzində Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində, Binəqədi rayonu Heydər Əliyev parkında, Mir Cəlal parkında, Yasamal rayonu İzmir parkında, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində uşaqlar və onların valideynləri, dayələrlə fləş-mob formatında öyrədici oyunlar keçirib.