MƏDƏNİYYƏT
“Oyuq”çular beynəlxalq festivalda
Bakı, 29 iyun, AZƏRTAC
Mütəmadi beynəlxalq teatr və musiqi yarışmalarında iştirak etməklə yüksək yerlər tutan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşüblər.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq “Golden Sparkles European Music Festival”ında ölkəmizi təmsil edirlər.
Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival iyulun 5-dək davam edəcək.
Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunur.
6-15 yaş arası uşaqları əhatə edən sənət bayramında ölkəmizi teatr-studiyanın istedadlı aktrisa-vokalçıları Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli təmsil edirlər. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edəcək. Azərbaycan və ingilis dillərində təqdim olunacaq bu mahnıdan başqa vokalçılar solo ifalarını da nümayiş etdirəcəklər.
Studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva milli maraqların önə çəkildiyi bu yarışmada “Sarı gəlin”ə təsadüfən müraciət etmədiklərini deyir: “Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi bu xalq mahnımız da mənfur qonşularımızın təcavüzünə məruz qalaraq özününküləşdirilir. Biz də istər bu mahnıya müraciət, istər onu milli rəqslə müşayiətimizlə orada olan insanlara, elə ermənilərin özlərinə də bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etmiş olacağıq”.
Qeyd edək ki, televiziya festivalının təşkilində məqsəd yetişən nəsillər arasında mədəniyyətlərin dialoqunu yaratmaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqları bir araya gətirməklə yaradıcılıq mübadiləsinə nail olmaqdır.
Xatırladaq ki, bundan əvvəl də studiyanın iki fəalı bu festivala qatılaraq laureat diplomları ilə təltif olunublar.