MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsinə dəstək tədbirləri davam etdirilir
Bakı, 27 aprel (AZƏRTAC). “Elit” Ticarət və Əyləncə Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Eurovision - 2012” mahnı müsabiqəsi işçi qrupunun dəstəyi ilə “Gənclər musiqini sevir” adlı əyləncəli musiqili proqram keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan TUMİB-in sədri Çingiz Bayramov “Eurovision - 2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi münasibətilə bütün gənclərimizi təbrik etmişdir. O bildirmişdir ki, proqramın məqsədi ölkəmizdə keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsinə dəstək və xarici ölkələrin vətəndaşlarını musiqimiz haqqında məlumatlandırmaqdır.
Ç.Bayramov tədbirdə 700-ə yaxın gəncin, o cümlədən xarici ölkələrdən gəlmiş insanların da iştirak etdiklərini söyləmişdir.
Musiqili proqramda Azərbaycanın bir çox gənc estrada müğənniləri ilə bərabər, muğama və saza da yer ayrılmışdır.