MƏDƏNİYYƏT
Ozan-aşıq muzeyi və səsyazma studiyasının yaradılması nəzərdə tutulur
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyi (AAB) idarə heyətinin növbəti iclası keçirilib. Birliyə yeni sədr seçkisindən sonra ilk dəfə keçirilən iclasda son aylarda görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Birliyin katibi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, AAB-ın sədri, professor Məhərrəm Qasımlı aşıq sənətinə dövlət qayğısından söz açıb. Bildirib ki, Azərbaycan Aşıqlar Birliyi bu qayğı və diqqətə əməli işi ilə cavab verməli, Xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqubun aşıq sənətinin inkişafı yolunda atdıqları inamlı və uğurlu addımlar bir ənənə kimi davam və inkişaf etdirməlidir.
Qeyd edilib ki, birlik üzvlərinin yenidən qeydiyyatı və yeni üzvlərin qəbul edilməsi istiqamətində bir sıra uğurlu addımlar atılıb. Bu məqsədlə ustad aşıqlardan ibarət attestasiya komissiyası, yeni üzvlərin qəbulu üzrə komissiya, eləcə də bədii şura yaradılıb. Birlik üzvlərinin yeni üzvlük vəsiqəsi hazırlanıb.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş böyük konsert proqramının hazırlanması, “Günümüzün ustad aşıqları” seriyasından kitabların nəşri, ozan-aşıq muzeyi və səsyazma studiyasının yaradılması və digər işlərin görüləcəyi diqqətə çatdırılıb.
Bir vaxtlar mövcud olmuş “Aşıq Şəmşir adına aşıq müsabiqəsi”nin və növbəti beynəlxalq aşıq festivalının keçirilməsi planlaşdırılıb.
Qarşıda duran vəzifələrlə bağlı təklif və fikirlər səsləndirilib.
Sonda AAB sədri M.Qasımlı idarə heyətinin üzvlərinə yeni üzvlük vəsiqələrini təqdim edib.