MƏDƏNİYYƏT


Özbək jurnalistlərinin Azərbaycana mediaturu təşkil olunacaq

Daşkənd, 14 iyul AZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunacaq.

Layihəyə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistandakı səfirliyimiz, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərir.

AMM-nin direktoru Samir Abbasovun verdiyi məlumata görə, layihənin əsas məqsədi özbək yazarlara və jurnalistlərə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, respublikamızın ictimai həyatı, mədəniyyəti, turizm potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğalçı dövlətin ölkəmizə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti barədə daha geniş məlumat vermək, habelə iki ölkə arasında dostluğu möhkəmləndirməyə, mətbuat əlaqələrini yaratmağa dəstək olmaqdır.

Qonaqlar Bakı şəhərini və regionları gəzəcək, azərbaycanlı həmkarları ilə yaradıcılıq görüşləri keçirəcək, öz ölkələrinə qayıtdıqdan sonra bu barədə silsilə məqalələr dərc etdirəcək. Həmçinin ölkəmizin uğurları barədə Özbəkistan telekanallarında çoxsaylı verilişlər, Azərbaycan səfərinə dair film hazırlanacaq. Özbək portallarında və “youtube.com”da səfərə dair videomateriallar yerləşdiriləcək.

Qonaqların 22 iyul - Milli Mətbuat Günündə Bakıda keçiriləcək tədbirdə iştirakı da nəzərdə tutulur.

Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrinin qardaş ölkənin media təmsilçiləri və yazarlarına çatdırılması məqsədilə Bakıda Şəhidlər Xiyabanı, Quba Soyqırımı Memorial Kompleksi ziyarət ediləcək, Tərtər rayonunda təmas xəttindəki kəndlərə, Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə qonaqların səfəri təşkil olunacaq.

Mediaturda tarixçi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti barədə kitabların müəllifi Şuxrat Salamov, “Daraxçi” qəzetinin baş redaktoru Rüstəm Cabbarov, şair və tərcüməçi, Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümələrin və kitabların müəllifi Şəhla Qasımova, jurnalist Abduvali Soibnazarov və başqaları iştirak edəcəklər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.