İQTİSADİYYAT
Özbək televiziya kanalları “Azərspace-1” peyki vasitəsilə yayımlanmağa maraq göstərirlər
Daşkənd, 5 may, АZƏRTAC
Daşkənddə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev ilə Özbəkistan Respublikasının İnformasiya Texnologiyaları və Rabitənin İnkişafı Nazirinin müavini Umidcon Alamov arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Özbəkistan arasında telekommunikasiya peyk xidmətləri sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. “Azərspace-1” peykinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda artıq qabaqcıl peyk videoyayım mərkəzinə çevrildiyini nəzərə alaraq, hər iki tərəf özbək televiziya kanallarının da bu peyk vasitəsilə yayımlanmasında maraqlı olduqlarını bildiriblər. Həmçinin gələcək layihələr çərçivəsində 2018-ci ildə “Azerspace-2” peykindən Özbəkistan dövlətinin daimi əsaslarda istifadə imkanları da müzakirə olunub.
Görüşdə Özbəkistan dövlətinin peyk sənayesinə artan maraq və tələbatı, eləcə də, bu sahədə Azərbaycan təcrübəsindən yararlanmaq imkanları xüsusi vurğulanıb. “Azərkosmos” ASC öz növbəsində Özbəkistan dövlətinə peyk idarəçiliyi sahəsində ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsində kömək etməyə hazır olduğunu bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd