MƏDƏNİYYƏT
Özbəkistan Dövlət Konservatoriyasında SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin konserti olacaq
Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərinin 23-cü ildönümü münasibətilə oktyabrın 26-da Özbəkistan Dövlət Konservatoriyasında SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəylinin konserti olacaq.
Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunacaq konserti Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayət edəcək.
Fərhad Bədəlbəyli konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano üçün konsert”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita və Nurulla Zakirovun “İstadim” vocal-simfonik poemasından fraqmentləri ifa edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd