DÜNYA
Özbəkistan Konstitusiyasının qəbulunun 24-cü ildönümü təntənəli şəkildə qeyd edilib
Daşkənd, 7 dekabr, AZƏRTAC
Daşkəndin mərkəzindəki “Özbəkistan” Forumlar Sarayında Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 24-cü ildönümü təntənəli şəkildə qeyd olunub.
Mərasimdə Özbəkistan hökumətinin üzvləri, deputatlar, senatorlar, elm, ədəbiyyat, mədəniyyət xadimləri, səfirlər, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Özbəkistanın yeni seçilmiş Prezidenti Şavkat Mirziyoyev mərasim iştirakçılarını 8 dekabr - Konstitusiya Günü münasibətlə təbrik edərək bildirib ki, Əsas Qanun hüquqi və demokratik dövlət qurulması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, iqtisadi inkişaf, xalqın həyat şəraitinin yaxşılaşdırılması üçün hüquqi qarantdır. O, yeni şəraitdə qarşıda duran vəzifələr haqqında da məlumat verib.
Şavkat Mirziyoyev 2017-ci ili “Xalqla dialoq ili” elan edib və gələn il bu sahədə həyata keçiriləcək layihələrdən danışıb.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Mərasim Özbəkistan incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd