SİYASƏT


Özbəkistan mətbuatı Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məqalələr yayıb

A+ A

Daşkənd, 20 oktyabr, AZƏRTAC 

Özbəkistanın tnews.uz, uchildiz.uz və kultura.uz informasiya portallarında Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı rus dilində materiallar yerləşdirilib.

Məqalələrdə bildirilir ki, müstəqilliyinin bərpasından 25 il ötən müasir Azərbaycan dövləti 1918-ci ildə yaradılan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilir, o dövrdə qısa müddətdə görülən işlərdən danışılır.

Yazılarda müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin ölkəmizin iqtisadi inkişafı istiqamətində gördüyü işlər, neft strategiyasının hazırlanması və həyata keçirilməsi barədə söhbət açılır, “Əsrin müqaviləsi” mühüm strateji layihə kimi yüksək qiymətləndirilir.

Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və digər əhəmiyyətli layihələr, nəqliyyat dəhlizləri haqqında bəhs edilir.

Bildirilir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, etnik təmizləmə siyasətindən danışılır. Qeyd olunur ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1994-cü ildə atəşkəs əldə olunub. Bununla belə, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.