İQTİSADİYYAT


Özbəkistan mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınmasında Azərbaycan təcrübəsini öyrənmək istəyir

Bakı, 9 avqust, AZƏRTAC

Özbəkistan mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınması sahəsində Azərbaycan təcrübəsini öyrənmək istəyir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə avqustun 9-da komitədə Özbəkistan Respublikasının Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş zamanı danışılıb. Görüşdə iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu və hər iki ölkənin gömrük orqanlarının bu münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, yaxın vaxtlarda Özbəkistanda mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınması prosesi həyata keçiriləcək və səfərin məqsədi də bu sahədə mühüm addımlar ataraq təqdirəlayiq nailiyyətlər əldə edən Azərbaycan təcrübəsini öyrənməkdir. Nümayəndə heyətinə texniki və təşkilati-hüquqi məsələlər, bu sahəyə cavabdeh olan müvafiq qurumlar arasında əməkdaşlığın təşkili barədə ətraflı məlumat verilib.

Daha sonra Dövlət Gömrük Komitəsinin “Hədəf” mərkəzi ilə tanış olan nümayəndə heyətinə Azərbaycan gömrüyünün Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” (TRS), “Bir pəncərə”, “Yaşıl dəhliz” və digər innovasiya layihələri barədə məlumat verilib, nümayəndə heyətini maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.