DÜNYA
Özbəkistan parlamentinin aşağı palatasına seçkilər baş tutub
Daşkənd, 22 dekabr, AZƏRTAC
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mirzə-Uluqbek Abdusalamov ölkədə parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına seçkilərin yekunları ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, artıq 113 deputatın adı məlumdur. Seçkilərdə 18,4 milyon nəfər iştirak edib ki, bu da seçicilərin 80 faizidir. Bu isə o deməkdir ki, seçkilər baş tutub.
M.U.Abdusalamov deyib ki, seçkilərdə ölkədə fəaliyyət göstərən Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından 47, “Milli Dirçəliş” Demokratik Partiyasından 28, Özbəkistan Xalq-Demokratik Partiyasından 21, “Ədalət” Sosial Demokrat Partiyasından 17 deputat seçilib. Qanunvericiliyə uyğun olaraq, Özbəkistan Ekoloji Hərəkatının konfransında da gizli səsvermə ilə 15 deputat öz mandatına sahib olub. 22 dairədə namizədlər kifayət qədər səs toplaya bilmədiyindən təkrar seçkilər keçiriləcək.
MSK-nın sədri bildirib ki, seçkiləri dünyanın 40-dan artıq ölkəsinin və beynəlxalq təşkilatların 300-dən çox nümayəndəsi izləyib. Azərbaycan Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Aydın Abbasov, Etibar Hüseynov Daşkənd və Səmərqənd şəhərlərində səsvermənin gedişini müşahidə ediblər.
Xatırladırıq ki, 2005-ci ildə Özbəkistanda ikipalatalı parlament formalaşdırılıb. Aşağı palata-Ali Məclisin Qanunvericilik Palatasında 150 deputat, yuxarı palata-Senatda isə 100 deputat fəaliyyət göstərir.
Sonuncu dəfə Ali Məclisə seçkilər 2009-cu ilin dekabrında keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd