SİYASƏT
Özbəkistan portalı Alxanlı kəndində ermənilərin törətdiyi faciə ilə bağlı məqalə yayıb
Daşkənd, 6 iyul AZƏRTAC
Özbəkistanın tnews.uz portalı Alxanlı kəndində ermənilərin törətdiyi faciə ilə bağlı rus dilində məqalə yayıb.
Yazıda bildirilir ki, iyulun 4-də axşam saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82, 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.
Ermənistanın təxribatı nəticəsində kənd sakinləri Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı, onun nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaq xəstəxanaya çatdırılıb. Atəş nəticəsində mülki obyektlərə və evlərə ciddi ziyan dəyib.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı hadisə vandalizm aktıdır və bunun üçün məsuliyyət təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu haqda beynəlxalq təşkilatlara məlumat verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd