MƏDƏNİYYƏT
Özbəkistan portalı Azərbaycana turist axını ilə bağlı məqalə yayıb
Daşkənd, 14 fevral, АZƏRTAC
Daşkənddəki kultura.uz portalı Azərbaycana turist axını ilə bağlı rus dilində material verib.
Məqalədə vurğulanır ki, turizm üzrə Trip Advisor beynəlxalq axtariş portalı Azərbaycan paytaxtını 2017-ci ildə turistlər üçün 10 cəlbedici məkan sırasına daxil edib. Deyilir ki, 2016-cı ildə Azərbaycana 2,5 milyon turist gəlib, bu isə 2015-ci illə müqayisədə təxminən 12 faiz çoxdur.
Gələn turistlər əsasən Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları olub.
Bir sıra ölkələr üçün viza rejiminin asanlaşdırılması, yəni aeroportda verilməsi Yaponiya, Malayziya, Sinqapur, Səudiyyə Ərəbistanı, Oman, Çin, Koreya Respublikası, Küveyt, Bəhreyn və digər ölkələrdən Azərbaycana gələn turistlərin sayını nəzərəçarpacaq dərəcədə artırıb.
Yazıda bildirilir ki, ötən il Azərbaycana Rusiyadan 740 min turist gəlib.
Materialda Heydər Əliyev Beynəlxalq Aeroportunun iş qrafiki haqqında məlumat verilir, ötən il hava limanının 3,26 milyon sərnişinə xidmət etdiyi qeyd olunur və bu, Azərbaycanın mülki aviasiya tarixində ən böyük göstərici kimi dəyərləndirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd