SİYASƏT
Özbəkistan portalı Ermənistanın beynəlxalq humanitar hüququ pozmasından yazır
Daşkənd, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Sharh.uz” xəbər saytında Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına dair məqalə yayılıb.
Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin bu məsələ ilə bağlı açıqlamasına istinadla bildirilir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, Ermənistanın həmin ərazilərdə qanlı, etnik təmizləmə siyasəti aparması, Xocalı soyqırımı, Azərbaycan xalqının maddi və mədəni irsinin, mülki obyektlərinin, təbii ehtiyatlarının talan edilməsi, mülki əhaliyə qarşı hücumlar, onların öldürülməsi, əsir və ya girov götürülmüş insanlara qarşı qeyri-insani rəftar, işgəncələrin verilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına səbəb olub. Ermənistan tərəfi 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasını, 1954-cü ildə hərbi münaqişələr zamanı mədəni irsin qorunmasına dair Haaqa Konvensiyasını pozub.
Məqalədə, həmçinin bu il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini, təmas xəttindəki dinc əhalini artilleriya atəşinə tutduğu, nəticədə Azərbaycanın 30-dan çox şəhər və kəndlərinə böyük ziyan dəydiyi, ölən və yaralananların olduğu qeyd edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd