SİYASƏT


Özbəkistan portalları Azərbaycan Nazirlər Kabinetinin Prezidentin sədrliyi ilə keçirilən iclası haqqında yazır

Daşkənd, 11 yanvar, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kun.uz və Zioyouz.uz portalları Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası haqqında özbək dilində materiallar verib.

Materiallarda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda geniş və əhatəli nitq söyləyib, ölkə həyatının bütün sahələrinə toxunub, uğurlardan danışıb. Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər haqqında da məlumat verib.

Yazılarda Prezident İlham Əliyevin nitqindən fikirlərə də yer verilir: “2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı”.

Qeyd edilir ki, Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib.

Sonda Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam həmrəyliyi ili” elan etdiyi diqqətə çatdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.