QAN YADDAŞI
Özbəkistan portallarında Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirilib
Daşkənd, 1 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kun.uz və tnews.uz portallarında “Azərbaycanda Xocalı soyqırımına hüquqi statusun verilməsi ilə bağlı qanun layihəsi hazırlanır” sərlövhəli materiallar yerləşdirilib.
Məqalələrdə bildirilir ki, ötən ayın sonunda Azərbaycan Milli Məclisində “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı keçirilib.
Yazıda Milli Məclis sədrinin müavini Bahar Muradovanın qanun layihəsi ilə bağlı fikirlərinə yer verilib. Bahar Muradova deyib ki, Xocalı soyqırımının 25 illiyi ilə bağlı hazırlanan qanun layihəsi bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsi istiqamətində mühüm addım olacaq. Bahar Muradova qeyd edib ki, soyqırımıdan 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç kim hələ də cəzalandırılmayıb. Bildirilib ki, “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.
Sonra isə yazılarda Xocalı faciəsi haqqında ətraflı məlumat verilir, bu şəhərdə öldürülənlər və əsir düşənlərdən bəhs olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd