SİYASƏT
Özbəkistan qəzetində V Bakı Beynəlxalq Humanitar Forumu barədə məqalə dərc olunub
Daşkənd, 7 noyabr, AZƏRTAC
Daşkənddə özbək dilində nəşr olunan “7x7” qəzetində beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Rüstəm Cabbarovun iki səhifəlik məqaləsi dərc edilib.
Yazıda qeyd edilir ki, Forum 2011-ci ildən bəri keçirilir və tədbirdə nüfuzlu siyasətçilər, dövlət və hökumət nümayəndələri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Bildirilir ki, builki Foruma dünyanın 80 ölkəsindən 400-dən çox nümayəndə qatılıb. Tədbirdə Özbəkistanı beş nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.
Məqalədə qeyd edilir ki, möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən Forumun birinci günündə Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Prezident İlham Əliyev çıxışında Azərbaycan həqiqətləri haqqında ətraflı məlumat verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışılıb.
Müəllif yazır ki, Forumda “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli və maraqlı müzakirələr aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd