MƏDƏNİYYƏT
Özbəkistanda Bəxtiyar Vahabzadə poeziyasına böyük sevgi var
Daşkənd, 28 noyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində münasibəti ilə "Azərbaycan poeziyasının klassiki - Bəxtiyar Vahabzadə" adlı tədbir keçirib.
Şairin 90 illik yubileyinə həsr olunmuş tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr edilən sənədli film nümayiş etidrilib. Tədbir iştirakçıları, həmçinin ədibin Azərbaycan və özbək dillərində çap edilən kitablarından ibarət sərgiyə baxıblar.
ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov mərasimi açaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verib, şairin Özbəkistanda da yaxşı tanındığını və sevildiyini qeyd edib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Bəxtiyar Vahabzadə yaradıcılığına böyük qiymət verdiyini, şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını bildirib.
Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında ətraflı məlumat verən S.Abbasov onu müasir Azərbaycan poeziyasının klassiki adlandırıb. Diqqətə çatdırıb ki, 70-dən çox şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifi olan şairin dram əsərləri də populyardır. “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc” və digər mənzum pyesləri böyük səhnələrdə tamaşaya qoyulub.
Bəxtiyar Vahabzadə ilə dostluq edən Özbəkistanın xalq şairi Camal Kamal onunla bağlı xatirələrini danışıb, şairin şeirlərini özbək dilində səsləndirib. Bəxtiyar Vahazadənin türk dünyası üçün böyük şəxsiyyət olduğunu bildirən Camal Kamal onun əsərlərini özbək dilinə tərcümə etdiyini və bundan qürur duyduğunu deyib.
Şair, tərcüməçi Usman Kuçkar, Babaxan Şərif, professorlar Bakidcan Toxliyev, Səadət Muxammedova və dosent Gülbahar Aşurova Bəxtiyar Vahabzadə yaradıcılığının məziyyətlərindən danışıblar.
Sonra universitetin tələbələri böyük şairin poeziyasından nümunələr səsləndirib, onun əsərləri əsasında hazırlanmış səhnəciklər göstəriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd