MƏDƏNİYYƏT
Özbəkistanda “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib
Daşkənd, 22 fevral, АZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.
Daşkənddəki “Ramsel-film” studiyası tərəfindən lentə alınan filmin ssenari müəllifi Şuxrat Salamov, rejissoru Eldar Məmmədov, redaktoru Samir Abbasovdur. Filmin hazırlanmasına Azərbaycanın Özbəkistandakı səfirliyi təşkilati dəstək göstərib.
Filmdə ötən əsrin 1918-1920-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu qurumun ləğv edilməsi məqsədilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlardan danışılır. İlk dəfə olaraq, arxivlərdə saxlanılan nadir video və foto materiallardan istifadə edilib
30 dəqiqəlik sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları verilir.
Türküstanda törədilən soyqırımla yanaşı, filmdə 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların həyata keçirdiyi qətliamlar, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasəti arasında paralellər aparılır.
Sənədli filmdə XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı haqqında da danışılır, faciənin qanlı, qeyri-insani terror hadisəsi olduğu kadrların dili ilə tamaşaçıya çatdırılır.
Dünyanın bir sıra dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımaları filmdə xüsusi vurğulanır.
Özbəkistanın birinci prezidenti İslam Kərimovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqındakı mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə fikirləri sənədli ekran əsərində öz əksini tapıb.
Filmdə Prezident İlham Əliyevin münaqişə haqqında Özbəkistanda etdiyi çıxışı, Özbəkistanın prinsipial mövqeyinə görə təşəkkürü, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi və münaqişənin həllində ərazi bütövlüyü prinsipinin əsas götürülməsinə dair beynəlxalq təşkilatların qəbul etdiyi qərar və aktlar barədə söylədiyi fikirlər yer alıb.
Film ümummilli lider Heydər Əliyevin qədim tarixə, ənənələrə əsaslanan Azərbaycan-Özbəkistan dostluğu haqqında fikirləri ilə başa çatır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd