MƏDƏNİYYƏT


Özbəkistanda Müslüm Maqomayevin xatirəsi yad edilib

A+ A

Daşkənd, 2 noyabr, AZƏRTAC 

Özbəkistanın diaspor təşkilatlarından olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RMMM) və Rus Mədəniyyət Mərkəzinin (RMM) birgə təşkilatçılığı ilə SSRİ Xalq Artisti Müslüm Maqomayevin xatirə gecəsi keçirilib.

Tədbirdə Azərbaycan və Rusiyanın Özbəkistandakı səfirliklərinin əməkdaşları, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, diaspora üzvləri, digər mədəniyyət mərkəzlərinin təmsilçiləri iştirak edib.

RAMM-in sədri Mobil Məmmədov dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat verərək deyib ki, böyük sənətkar nəinki Azərbaycanda, bütün dünyada tanınır və sevilir.

RMM-in sədri Aleksandr Aristov bildirib ki, Müslüm Maqomayev hansı dildə oxumasından asılı olmayaraq onun mahnılarını bütün millətlər və xalqlar özününkü kimi qəbul edir. Elə ona görə də bu böyük sənətkarın mahnıları insanları və xalqları birləşdirir.

Sonra Müslüm Maqomayev haqqında sənədli film nümayiş olunub.

Tədbirdə Özbəkistanın Xalq Artisti, Moskvada keçirilən Müslim Maqomayev adına II Beynəlxalq müsabiqənin qalibi Jenisbek Piyazov, Əlişir Nəvai adına Akademik Opera və Balet Teatrının aparıcı solisti, soydaşımız Cəbrayıl İdrisov, Müslüm Maqomayevin şərəfinə Daşkənddən Azərbaycana velosipedlə səfərə gedən Xursənd Şerov və başqaları böyük sənətkarın ölməz mahnılarını ifa ediblər.

Sonda ifaçılara RAMM və RMM adından fəxri fərmanlar verilib, kitablar hədiyyə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.