SİYASƏT


Özbəkistanda seçkilər şəffaflıq və demokratiya şəraitində keçiriləcək

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyində Özbəkistanda qarşıdan gələn prezident seçkilərinə həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə səfirin müşaviri Cahangir Əminov çıxış edib. O bildirib ki, Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar, Özbəkistanda bu il dekabrın 4-ə təyin edilmiş növbədənkənar prezident seçkilərinə ciddi hazırlıq gedir. 4 partiyanın nümayəndələri bu vəzifəyə öz namizədliklərini irəli sürüb. Onların hər birinin ölkə qarşısında böyük xidmətləri var. C.Əminov vurğulayıb ki, səsvermə prosesini həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyəcəklər. Seçkilər şəffaflıq və demokratiya şəraitində keçiriləcək.

Bildirilib ki, Özbəkistanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi yaradılacaq. Bu məntəqə dekabrın 4-də yerli vaxtla səhər saat 6-dan axşam saat 8-dək işləyəcək. Səfirlikdə qeydiyyata alınmış 400 Özbəkistan vətəndaşından təqribən 250-si səsvermə hüququna malikdir. Özbəkistanın Gürcüstanda yaşayan və ya müvəqqəti həmin ölkədə olan vətəndaşları da bu seçki məntəqəsində səs verə bilərlər.

Daha sonra konsul Hüsən Umarov çıxış edib. O, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) oktyabrın 18-də Daşkənddə keçirilmiş 43-cü sessiyası barədə məlumat verərək qeyd edib ki, həmin sessiyada İƏT XİNŞ-in 2017-ci ildə keçiriləcək növbəti iclasına qədər bu orqanda Özbəkistanın sədrlik etməsi qərara alınıb. Özbəkistan İslam Əməkdaşlıq Təşkilatının dünya miqyasında rolunu artırmaq üçün əməkdaşlığın bir neçə prioritet istiqamətini müəyyənləşdirib. Bu istiqamətlər arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üzrə tədbirlər xüsusi qeyd edilməlidir. Özbəkistanın görkəmli mütəfəkkirlərinin, elm və mədəniyyət xadimlərinin yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsi də mühüm məsələdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.