MƏDƏNİYYƏT
Özbəkistandakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib
Daşkənd, 1 iyul, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) himayəçilik etdiyi, Daşkənddə fəaliyyət göstərən 30 nömrəli internat məktəbinin vilayətdəki Çervak istirahət zonasındakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.
Xeyriyyə tədbirində Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, AMM-in uşaq evləri ilə bağlı layihələri, Azərbaycanda uşaqlara yaradılan şərait və digər məsələlərdən danışıb.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında məlumat verib.
Tədbirin bədii hissəsində uşaqlar arasında viktorina keçirilib, Azərbaycanın və Özbəkistanın dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair sualları cavablandıran uşaq və yeniyetmələrə hədiyyələr verilib.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi, internat məktəbinin şagirdləri isə dünya xalqlarının rəqslərini ifa edib, şeirlər söyləyiblər.
Tədbirin sonunda təxminən 150 uşağa AMM-in sovqatları, kiçik ölçüdə bayraqlar, ölkəmizin mədəniyyətinə dair suvenirlər hədiyyə edilib.
Sonra uşaqlar plova, meyvə və şirniyyatlara qonaq ediliblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd