SİYASƏT
Özbəkistanın Azərbaycandakı səfirliyində parlament seçkilərinə həsr olunan brifinq keçirilib
AZƏRTAC xəbər verir ki, brifinqdə Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Cahangir Əminov jurnalistlərə “Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına, vilayət, rayon və xalq deputatları kenqaşlarına seçkilər üzrə kampaniyanın başlanması haqqında” qəbul olunmuş qərar barədə məlumat verib, sənəddə nəzərdə tutulan əsas tədbirlərdən ətraflı danışıb.
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərə hazırlıq və keçirilməsi üzrə tədbirlərin təqvim planının əsas mərhələləri də elan olunub.
Brifinqdə xüsusilə vurğulanıb ki, seçki kampaniyası çərçivəsində bütün tədbirlər Mərkəzi Seçki Komissiyası (MSK) və seçki komissiyaları tərəfindən 2014-cü ildə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına, vilayət, rayon və xalq deputatları kenqaşlarına seçkilərə hazırlıq və keçirilməsi üzrə seçki qanunvericiliyi və proqramların əsas prinsip və tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Brifinq iştirakçılarının diqqətinə çatdırılıb ki, Özbəkistan Respublikasının Mərkəzi Seçki Komissiyası seçki kampaniyalarının keçirilməsinin əsas təşkilatçısıdır. Qeyd olunub ki, hər hansı təşkilatın, hər şeydən əvvəl, dövlət hakimiyyəti orqanlarının mərkəzdə və yerlərdə seçki prosesinə müdaxilə etməsinə, eləcə də seçki kampaniyası iştirakçılarından hər hansı birinə üstünlük və güzəştə yol verilmir.
Seçki kampaniyası prosesinə müdaxiləyə və yaxud seçkilərə hazırlıq və keçirilməsi zamanı qanunvericiliyin tələblərini pozmağa göstərilən hər bir cəhdin qarşısı alınacaq və bu işdə təqsiri olanlar qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq.
Brifinq iştirakçıları seçki qanunvericiliyinin son vaxtlar qəbul edilən, seçki sisteminin gələcəkdə demokratikləşməsinə yönələn yenilikləri ilə, qarşıdakı seçkilərin keçirilməsinə hazırlıq mərhələsində görülən işlərlə də tanış olublar. Xüsusilə seçki qanunvericiliyinin əsas müddəalarının seçicilərə izah edilməsi və onların hüquq mədəniyyəti səviyyəsinin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Alimlər, ekspertlər və praktiki işçilərin KİV-lərdə çıxışları təşkil edilib, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə onlarla “dəyirmi masa”, elmi-praktiki seminarlar keçirilib.
Bundan əlavə, jurnalistlərə bu ilin may-sentyabr aylarında Daşkənd və Səmərqənddə MSK-nın himayəsi altında keçirilən, demokratik seçkilərin təşkilinin beynəlxalq standartlarına, milli seçki qanunvericiliyinin inkişafı və təkmilləşdirilməsi məsələlərinə, seçki kampaniyasının bütün mərhələlərində qanunçuluğun prinsiplərinə əməl etməklə seçki prosesinin açıq-aşkarlığına həsr olunan beynəlxalq tədbirlər haqqında məlumat verilib.
Brifinqdə qeyd olunub ki, hazırda Özbəkistanda seçkilərin azad, ədalətli, demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün hüquqi əsaslar yaradılıb.