MƏDƏNİYYƏT


Özbəkistanın Xalq Şairi Camal Kamalla görüş

Bakı, 31 may, Zərəngiz Mansurova, AZƏRTAC

Mayın 31-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Özbəkistanın Xalq Şairi Camal Kamalla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalı 80 illik yubileyi münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, Camal Kamalın Azərbaycan-Özbəkistan ədəbiyyatlarının qarşılıqlı təbliğində böyük əməyi var. Belə ki, Camal Kamal dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” poemalarını özbək dilinə tərcümə edib. Hazırda “İsgəndərnamə” əsəri üzərində iş gedir. “Xəmsə”nin tam tərcüməsi 2018-ci ildə başa çatmalıdır. O, həmçinin Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim edib. Xalq Yazıçısı Anar Camal Kamalın Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə qəbul edildiyini bildirib.

Tədbirdə Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca, yazıçı-dramaturq Firuz Mustafa, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri Almaz Ülvi və başqaları Camal Kamalın vaxtilə Özbəkistan Yazıçılar İttifaqının sədri kimi çox böyük işlər gördüyündən, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm xidmətlərindən söz açıblar.

Özbəkistandan gəlmiş tarixçi alim Şuxrat Salamov, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbahor Aşurova, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, professor Roza Niyozmetova Azərbaycan-Özbəkistan dostluğunun Camal Kamal yaradıcılığına bariz nümunə olduğunu söyləyiblər. Bu dostluğun davam edəcəyini vurğulayaraq, səmimi qəbul üçün minnətdarlıqlarını bildiriblər.

Camal Kamal tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, bundan sonra da qardaş Azərbaycan ədəbiyyatını Özbəkistanda təbliğ edəcəyini bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.