MƏDƏNİYYƏT
Özbəkistanın aparıcı kitabxanasına “Azərbaycan ədəbiyyatı özbək dilində” adlı kitab kolleksiyası hədiyyə edilib
Daşkənd, 28 aprel, АZƏRTAC
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan ədəbiyyatı özbək dilində” kitab kolleksiyasını Əlişir Nəvai adına Milli Kitabxanaya hədiyyə edib.
Kolleksiyaya Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, Olimcon Buriyevin tərcüməsində Nizami Gəncəvinin “Xəmsə”si, “XX əsr Azərbaycan poeziyası antologiyası”, “Azərbaycanın mədəni irsi”, “Azərbaycan yazıçılarının hekayələri”, Məhəmməd Füzulinin “Qəlb gövhəri”, “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri”, professor Əli Həsənovun “Geosiyasət” monoqrafiyası (özbək dilində), “Müasir Azərbaycan şairlərinin şeirləri”, tanınmış yazıçı Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, Azərbaycanın Xalq Yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət “Mən, sən, o və telefon”, özbək tarixçisi Şuhrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları daxildir.
Özbəkistanın kitabxana fondlarının Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənə halını alıb. Yaxın vaxtlarda ölkəmizlə bağlı çoxsaylı nəşrlərin Səmərqənd və Buxara şəhərlərinin kitabxanalarına da göndərilməsi nəzərdə tutulub.
AMM-in direktoru Samir Abbasov son dörd ildə Özbəkistanda həyata keçirilən “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizə dair yüzlərlə nəşrin aparıcı kitabxanalara hədiyyə edildiyini söyləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd