MƏDƏNİYYƏT
Özbəkistanın podrobno.uz portalı Naxçıvandakı Duzdağ müalicə mərkəzindən yazdı
Daşkənd, 21 aprel, AZƏRTAC
Daşkənddəki podrobno.uz portalı Naxçıvandakı dünyada analoqu olmayan Duzdağ müalicə mərkəzi haqqında rus dilində “Naxçıvanın Duzdağı-Azərbaycanın möcüzəsi, dünyada analoqu olmayan məkan” sərlövhəli geniş material çap edib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan məqalədə deyilir ki, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ müalicə mərkəzi dünyada tənəffüs yollarının xəstəliklərini uğurlu müalicə edən məkandır.
Müəllif yazır ki, XX əsrin ortalarından başlayaraq dünyada allergik xəstəliklərin sayının artması həkimləri ciddi narahat etməyə başlayıb və uzun axtarışlardan sonra aşkar edilib ki, duz şaxtalarında bu cür xəstəliklərin müalicəsi uğurlu nəticə verir.
Məqalədə deyilir ki, ilk dəfə 1871-ci ildə İtaliyanın Florensiya şəhəri yaxınlığında Monsamam əyalətində yaşayış məskənində mədən şəraitində allergik xəstələr müalicə edilib.
Qeyd edilir ki, buraya gələnlərə yüksək səviyyədə müalicə və xidmət göstərilir, xəstələr "Duzdağ" otelində yaşayır və 300 metr dərinlikdə olan duz mədənlərində müalicə alırlar.
Məqalədə "Duzdağ" otelində, habelə müalicəxanada yaradılan şərait haqqında da geniş məlumat verilir, deyilir ki, bu torpaq təbii ehtiyatlarla zəngindir, burada 90 milyon ton duz ehtiyatı var.
Müəllif 6 min il əvvəl-Nuh dövründən burada duz çıxarıldığını və Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə İpək yolu kimi tanınan "Duz yolu" da uzanırdı.
Məhz buna görə də Naxçıvan möcüzəli bir məkan kimi turistləri bu torpağa cəlb edir.
Məqalənin sonunda Azərbaycan sivilizasiyasının beşiyi olan Naxçıvanın “Badamlı", "Sirab", "Vayxır" mineral və müalicəvi sularla zəngin olduğu bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND