MƏDƏNİYYƏT
Özbəkistanın podrobno.uz portalı böyük Azərbaycan bəstəkarı Qara Qarayev haqqında material yayıb VİDEO
Daşkənd, 7 fevral, AZƏRTAC
Özbəkistanın podrobno.uz portalı “Qara Qarayev Azərbaycanın fəxri və XX əsrin dahi bəstəkarıdır” adlı material yayıb.
Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan məqalədə SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından ətraflı bəhs edilir. Qeyd olunur ki, Qara Qarayevin istedadının parlamasında böyük bəstəkarlar Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin böyük rolu olub. O, 1946-cı ildə Moskva Konservatoriyasında D.Şostakoviçin sinfini bitirib.
Məqalədə xüsusi vurğulanır ki, 2014-cü il fevralın 3-də Bakıda - 28 May küçəsində böyük bəstəkarın abidəsinin açılışı olub və mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak ediblər. Prezident İlham Əliyev mərasimdəki çıxışında Qara Qarayevin əsərlərinə yüksək qiymət verərək deyib ki, o, Azərbaycan xalqının dahi oğlu, böyük şəxsiyyət və görkəmli bəstəkardır.
Fotoşəkillərlə müşayiət edilən məqalədə Qara Qarayevin ölməz əsərləri haqqında söhbət açılır və bildirilir ki, bu əsərlər dünyanın bir çox ölkələrində ifa edilib və tamaşaya qoyulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd