REGİONLAR
Özbəkistanın podrobno.uz portalı qədim Naxçıvan torpağı haqqında geniş yazı verib
Daşkənd, 30 yanvar, AZƏRTAC
Daşkənddəki podrobno.uz portalında müəllifli Damir İsaev olan “Naxçıvan Azərbaycan torpağının istinadgahıdır” sərlövhəli geniş material yerləşdirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunan məqalədə deyilir ki, Azərbaycan dünyanın qədim sivilizasiya mərkəzlərindən biridir və həmişə tarixçi və kulturoloqların diqqətini cəlb edib.
Materialda Naxçıvanın zəngin tarixi, mədəniyyəti, tarixi abidələri haqqında söhbət açılır.
Müəllif yazır ki, bu gün Naxçıvan Muxtar Respublikası (MR) xəritədə ana Vətəndən ayrı, təcrid olunmuş ada kimi görünür. Xəritəyə baxdıqda, belə nəticə çıxarmaq olar ki, ədalətsiz bölgü buradan da yan keçməyib.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilir, tarixə nəzər salınır, Qars müqaviləsi, onun Naxçıvan üçün həyati əhəmiyyəti xüsusi qeyd edilir.
Müəllif yazır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən, Ermənistan vəziyyətdən istifadə edərək Azərbaycana qarşı hərbi təcavüz edib, bu ölkənin torpaqları işğal olunub, nəticədə 1990-cı ilin əvvəllərində Naxçıvan MR tam iqtisadi blokada vəziyyətinə düşüb.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana qayıtması və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi haqqında danışılır, o çətin dövrdə görülən işlər haqqında məlumat verilir. Qeyd olunur ki, 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasına görə, Naxçıvan Azərbaycanın tərkibində muxtar respublika statusu alıb.
Yazıda iqtisadi artımın, sosial tərəqqinin, mədəni dirçəlişin –Naxçıvan Muxtar Respublikasında son illərdə əldə edilən tarixi reallıq olduğu bildirilir.
Materialda Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfərləri və yeni açılan infrastruktur, sənaye, mədəniyyət müəssisələri haqqında ətraflı məlumat verilir.
Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən layihələr, ölkənin tərəqqisi, ərazi bütövlüyünün təmin olunması istiqamətində görülən işlər haqqında söhbət açılır.
Yazıda Naxçıvan MR-in iqtisadiyyatı, təbii mənzərələri ilə bağlı doqquz fotoşəkil də verilib.
Məqalə Daşkənddəki səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan mətbuatında elan etdiyi “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin “Azərbaycan iqtisadiyyatı” nominasiyası üzrə təqdim olunur.
Materialı bu linkdən oxumaq olar:
http://podrobno.uz/cat/podrobno/nahichevan-azerbaidjan/?print=Y
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd